“Rusiyada avtoritarizm məğlub olacaq, hazırlaşın”

“Rusiyada avtoritarizm məğlub olacaq, hazırlaşın”

AXCP sәdri Әli Kәrimli Rusiyada başlanan yeni demokratik hәrәkat, hәm orada, hәm dә başqa yerlәrdә avtoritar rejimlәrin çökmәsinin qaçılmaz olması barәdә yazıb vә Azәrbaycanda Әliyev rejiminә “nökәrlik” edәnlәrә sәslәnib. Ә.Kәrimli feysbuk sәhifәsindә yazır:

Rusiyada ilk baxışda göründüyündən də ciddi bir proses başlanıb. Moskvada keçirilən mitinqlər Rusiya cəmiyyətini çox ciddi silkələyib. Xüsusilə də mitinq iştirakçılarının kütləvi həbsi, onlara fiziki güc tətbiqi etiraz hərəkatına əvvəllər biganə yanaşanları da, hətta hakimiyyətə dəstək verənləri də hərəkətə gətirib.
Rusiya Federal Vəkillər Palatası, sıralarında 10 min nəfərə qədər vəkili birləşdirən Moskva Vəkillər Palatası mitinqlərdə həbs olunanların hüquqlarının pozulmasına etiraz edir. Rusiya vəkilləri mitinqlərdə həbs olunmuş aktivistlərlə vəkillərin dərhal görüşməsinə yaradılan maneələrə, vətəndaşların müdafiə hüququnun pozulmasına rəsmən, uca səslə və hamılıqla etiraz edirlər (linklər şərh bölümündə).
Ancaq Rusiya avtoritarizminə daha güclü zərbəni Rusiya prezidenti yanında İnsan Hüquqları Şurası üzvləri vurublar. Həmin şuranın 50 üzvündən 28 nəfərinin (yarıdan çoxu) imzası ilə Exo Moskvı radiosunun saytında dərc edilmiş bəyanatda polis zorakılığından, adamların saxlanma metodlarından “ciddi narahatlıq” ifadə olunur. Bəyanatda deyilir: “Biz 12 iyun, 20 iyul, 27 iyul, 3 avqust mitinqlərində olmuşuq. Biz kütləvi iğtişaş yox, adamların kütləvi və əsassız saxlanmasının, polis zorakılığının, protokolların saxtalaşdırılmasının, adamların müdafiə, şərəf və təhlükəsizlik hüququnun pozulmasının şahidi olmuşuq”. Prezident yanında İnsan Hüquqları Şurası üzvləri hökumətdən “adamların qanunsuz saxlanması praktikasına” son qoymağı tələb ediblər.
Rusiya ziyalıları, alimlər, şou biznesin tanınmış nümayəndələri polis zorakılığının durdurulmasını tələb edirlər. Hazırda gənclər arasında xeyli populyar olan gənc müğənnilər Yeqor Krid, Serqey Lazerev (Rusiyanı Avrovizyon yarışmasında 2 dəfə təmsil edib və hər dəfə 3-cü yeri tutub), müğənni və teleaparıcı Sati Kazanova, teleaparıcı və prodüsser Yana Rudkovskaya polis zorakılığına qarşı açıq çıxış ediblər.
Bu arada Levada Mərkəzinin keçirdiyi sorğu aşkarlayıb ki, Moskvada 10 avqust mitinqində iştirak edənlərdən 4,5 dəfə artıq insan özünün də gələcək mitinqlərdə iştirak edəcəyini düşünür.
Rusiya cəmiyyəti və müxalifəti sınaqlardan üzüağ çıxsa da, Rusiya hakimiyyəti də özünü Azərbaycan hakimiyyəti kimi apardı. Necə ki 19 yanvar mitinqindən qorxuya düşmüş Azərbaycan hakimiyyəti razılaşdırılmış mitinqlərin qarşısını aldı, indi də 10 avqust mitinqindən qorxuya düşmüş Rusiya hakimiyyəti 17 avqusta təyin olunmuş mitinqə razılıq vermədi.
Rusiyada baş verənlərlə bağlı bu yazını nəyə görə yazdım? Əvvəla, bilirəm ki, Rusiyadakı etiraz hərəkatı ilə maraqlansanız da, çoxunuz prosesi tam izləyə bilmirsiz, məlumatlandırmaq istədim sizi. “Məlumatlısansa, deməli silahlısan” deyimini çox qiymətləndirirəm. İkincisi, istədim avtoritar idarəetmə şəraitində yaşayan Rusiya elitasının, vəkillərin, ictimai xadimlərin, hətta hökumətə yaxın ziyalıların, şou biznes dairələrinin bu vicdanlı mövqeyini cəmiyyətə təqdim etməklə Azərbaycanda özünü ziyalı, ictimai xadim, hətta hüquq müdafiəçisi adlandıran, ancaq ölkədəki repressiyalara səssiz qalan insanların, xüsusilə də Vəkillər Kollegiyasını hazırda repressiya aparatının bir parçasına çevirməkdə olan Vəkillər Kollegiyası rəhbərliyinin vicdanına səslənim: repressiya maşınının vintlərinə çevrilməyin, xalqımızın başına gətirilənlərə susmayın!
İstədim bu ölkəni özü boyda həbsxanaya çevirib sərvətini talan edənlər, sadə insanlara, ölkənin müsbətə doğru dəyişməsi üçün mübarizə aparanlara insafsızcasına zülm edənlər nəhayət, anlasın ki, avtoritarizm dünyanın hər yerində məğlubiyyətə məhkumdur. Hətta Rusiyada belə avtoritarizm məğlub olacaq. Azərbaycanda da avtoritarizm məğlub olacaq. Post-avtoritarizm dövrünə hazırlaşın, elə edin ki, gələcəkdə bu millətin qarşısına çıxmağa üzünüz olsun.

dle