14 iyul necə baş verdi?

14 iyul necə baş verdi?

Cəmil Həsənli, Milli Şuranın sədri, tarixçi alim

Heydər Əliyevin hakimiyyətə gəlməkliyi

1969-cu ilin fevralında Vəli Axundov hakimiyyətdən getmək barədə Moskvaya, Mərkəzi Komitəyə ərizə ilə müraciət etmişdi. Lakin bur ərizə gizli saxlanılırdı. Mart ayında MK-da onunla söhbət edilmiş və qalmağı məsləhət bilinmişdi. Lakin respublikaya 10 il fasiləsiz rəhbərlik etmək asan məsələ deyildi. 60-cı illərin sonlarına doğru Vəli Axundov hiss edirdi ki, Moskvanın münasibəti soyuqlaşmağa başlamışdı. Sov.İKP MK-nın sentyabr (1967-ci il) plenumu da daxil olmaqla o, yüksək partiya müzakirələrində çox aktiv iştirak edirdi, lakin son illərdə onu çıxışçıların siyahısına daxil etmirdilər. Dəyişiklik ərəfəsində o, 3 aya qədər Moskvada sanatoriya və xəstəxanada yatmışdı. Lakin bu yalnız onun müalicə ehtiyacları ilə bağlı deyildi, işdən azad edilməsinə ağlabatan bir izah üçün idi.

Azərbaycan KP MK-dan Akademiyaya

Müalicədən əvvəl və sonra Axundovu Leonid Brejnev qəbul etmişdi, Sov.İKP MK katibliyində müzakirələr aparmışdı, təşkilat partiya işi şöbəsində görüşlər keçirmiş, Mərkəzi Komitə aparatında Azərbaycana “qəyyumluq” edən Y.Starçenko ilə fikir mübadiləsi etmişdi. 14 iyul plenumunda o, özü də birinci katib vəzifəsindən getməsi barədə Sovet rəhbəri Leonid Brejnevdən xahiş etdiyini deyir. Moskvada razılıq verilmişdi ki, o, Azərbaycan SSR Elmlər Akademiyasının tibb elmləri üzrə həqiqi üzvü seçilsin və respublika rəhbərliyindən gedəndən sonra Akademiyanın vitse-prezidenti vəzifəsində işləsin.
Vəli Axundov Bakıya döndükdən sonra bu plan işçi məzmun almağa başladı. Həmin razılıqdan sonra 1969-cu ilin aprel ayının 29-da Akademiyanın prezidenti Rüstəm İsmayılov onun adına məktub yazıb elmi-tədqiqat işlərinin planlaşdırılması və elmi işlərin nəticələrinin istehsalatda tətbiqi məsələlərinə rəhbərlik etmək üçün Elmlər Akademiyasında əlavə vitse-prezident vəzifəsinin yaradılmasını xahiş edirdi.
Məktub gələn günün səhəri Axundov həmin məsələnin MK bürosuna çıxarılması barədə məktubun üzərinə dərkənar yazdı. Mayın 6-da Azərbaycan KP MK bürosu Akademiyada əlavə vitse-prezident vəzifəsi təsis edilməsinə razılıq verdi. Eyni zamanda həmin bürodan əvvəl respublikanın bir sıra tibb elmi idarələri Vəli Axundova müraciət edərək onun Akademiya seçkilərinə öz namizədliyini verməsini xahiş etmişdilər. Mayın 6-da MK bürosu ona Akademiya seçkilərində iştirak etmək və Musabəyov adına Azərbaycan virusologiya, mikrobiologiya və gigiyena elmi-tədqiqat institutunda əmək haqqı almadan şöbə müdiri vəzifəsini aparsın. O, müxbir üzv olmadan iyun ayında birbaşa Akademiyanın həqiqi üzvü seçildi.

Stolun üstünə yumruq vurmağa deyil, adamların ağlına, vicdanına, qəlbinə müraciət etmək lazımdır

Mayın 6-da MK bürosu bu qərarları qəbul etdikdən sonra Axundovun birinci katib vəzifəsindən gedəcəyi rəhbərlikdə hər kəsə aydın oldu və bu postu tutmaq uğrunda gərgin mübarizə başladı. Hakimiyyətinin sön günlərində o, ümumittifaq “Sovet türkologiyası” jurnalının Bakıda nəşrinə razılıq almağa nail ola bildi. Mayın 13-də Azərbaycan KP MK bürosu Sovet İttifaqının türk xalqlarının dili, ədəbiyyatı, folklorunun öyrənilməsi və təbliği ilə bağlı 12 çap vərəqi həcmində ildə 6 nömrəsi çıxacaq elmi-nəzəri jurnalın nəşri haqqında qərar qəbul etdi. Bu qərar nəticə etibarı ilə Bakını SSRİ türkologiyasının mərkəzlərindən birinə çevirdi. 1969-cu il mayın 21-də respublikada sənaye və tikinti işlərinin 4 aylıq yekunlarına dair Azərbaycan KP MK bürosunda geniş müzakirə keçirildi. Həmin müzakirədə Axundov bir sıra təsərrüfat məsələlərinə, rəhbər işçilərin fəaliyyətindəki tənqidi məqamlara toxunduqdan sonra o, milli kadrların qorunub saxlanmasının zəruriliyini qeyd etdi. O dedi ki, 20 ildən artıq davam edən Bağırov rejimi dövründə bizdə, Azərbaycanda özbaşınalıq tüğyan edib, cüzi günahlara görə, bəzən isə heç bir əsas olmadan ən yaxşı kadrlar məhv edildi. Qorxu, insan ləyaqətinin alçaldılması, haqq-hesab çəkmək, özbaşınalıq həmin dövrün acınacaqlı atributları və iş metodları kimi yaddaşlarda qaldı. Axundov xəbərdarlıq edirdi ki, bundan uzaq olmaq, böyük çətinliklər hesabına yaradılmış respublikanın kadr potensialını qoruyub saxlamaq lazımdır. O qeyd edirdi ki, bəziləri mənə barmaq silkələməyi, stol üzərinə yumruq vurmağı, insanları hədələməyi məsləhət görürdü. Amma yoldaşlar, iyirmi illik Bağırov idarəçiliyinin nəticələri bir daha sübut etdi ki, yumruğa yox, insanların ağlına və zəkasına güvənmək lazımdır. İdarəçiliklə bağlı Vəli Axundov çıxışında maraqlı bir misal çəkdi. Respublikaya kənardan gələn rəhbər işçilərdən biri yeni gələndə ona verilmiş bir məsləhəti Axundova danışmışdı. Həmin yeni işçiyə tövsiyə edilmişdi ki, “sən bizimkilərlə bir az sərt ol, hərdən yumruğunu stolun üstünə vur, onlar yalnız bu dili anlayırlar, qorxu dilini. Əks təqdirdə onlar səni zəif hesab edəcəklər.” Axundov bu sözlərdən sonra Lenindən bir misal çəkdi və dedi ki, “mən bununla bağlı Leninin gözəl bir sözünü misal gətirmək istəyirəm. Lenin deyirdi: qul öz qul vəziyyətini anlayanda və ona qarşı mübarizə aparanda artıq inqilabçıdır. Ağzının suyu axan qul, qul həyatının “gözəlliklərini” məmnuniyyətlə təsvir edəndə, yaxşı ağanın mərhəmətindən vəcdə gələndə, o, artıq kölədir, nökərdir”.

Mən bilmirəm kifayət qədər ağıllı və mədəni olan bu adama kim tövsiyə verib, icazənizlə deməliyəm ki, bu tövsiyələri zibil yeşiyinə atmaq lazımdır. Mən bilirəm bu tövsiyə müəllifi hansı vəzifəni tutmasından asılı olmayaraq, o, Leninin verdiyi xarakteristikaya tam uyğun gəlir. Doğrudanmı, ən yaxşı kadrları məhv edən, hazırda çalışan bir çox kadrların sağlamlığını pozan yaşadığımız 20 illik Bağırov rejimindən sonra biz yenidən bu idarəçilik formasına qayıtmalıyıq? Mən fikirləşirəm ki, özünə hörmət edən heç bir adam bununla razılaşmaz… Stolun üstünə yumruq vurmağa deyil, adamların ağlına, vicdanına, qəlbinə müraciət etmək lazımdır”. Əslində, bu sözlər Axundovun özündən sonrakı rəhbərliyə tövsiyəsi idi.

DTK sədri hansı yolla birinci posta gəldi

Yuxarıda deyildiyi kimi hələ 1969-cu ilin yazında Vəli Axundov vəzifədən gedəcəyini bilirdi, lakin son günlərə qədər onu DTK-nın sədri Heydər Əliyevin əvəz edəcəyini təsəvvür etmirdi. Kommunist partiyasının kadr siyasətində büro üzvü, MK üzvü olmayan şəxsin birinci katib postuna seçilməsi, demək olar, mümkünsüz görünürdü. Heydər Əliyev isə həmin vaxt tutduğu vəzifəyə görə Azərbaycan KP MK üzvlüyünə namizəd idi. O, bilavasitə Vəli Axundovun təqdimatı və Yuri Andropovdan xahişi nəticəsində 1967-ci ildə Azərbaycan Nazirlər Soveti yanında DTK-nın sədri təsdiq edilmişdi. Bu təsdiq məqamında Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyeva Vəli Axundovun həyat yoldaşı Sara xanımın qonağı idi (onlar hər ikisi göz həkimi idi və bir yerdə işləyirdilər) və həmin təsdiq xəbərini də ilk olaraq Axundov Sara xanım vasitəsi ilə onun rəfiqəsinə çatdırmışdı. Lakin 1969-cu ildə yeni namizəd barədə rəyi soruşulanda Axundov Azərbaycan KP MK katibi Əli Əmirovun namizədliyi üzərində dayanmışdı. Texnika elmləri doktoru olan Əli Əmirov ixtisasca neftçi idi və MK-nın sənaye və tikinti məsələləri üzrə katibi idi. 1962-ci ilin fevralında Ənvər Əlixanov Nazirlər Sovetinin sədri təyin edildikdən sonra Axundov onu Mərkəzi Komitə katibi vəzifəsinə irəli çəkmişdi.

Moskvada birinci katib vəzifəsinə bir neçə nəfərin namizədliyi müzakirə edilmişdi. İlk söhbətə çağırılanlardan biri Bakı hərbi dairəsi hava hücumundan müdafiə qüvvələrinin komandanı general-leytenant Hüseyn Rəsulbəyov idi. Əslində, birinci olaraq söhbətə Rəsulbəyovun dəvət edilməsi, Sovet rəhbərliyinin yüksək rütbəli hərbçini MK-nın birinci katibi vəzifəsinə namizəd kimi Moskvaya çağırması artıq onların kadr seçimində məqsəd və məramından xəbər verirdi. Söhbət vintləri bərkitməkdən, Praqa baharından sonra narahat görünən Azərbaycanı ram etməkdən gedirdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov, respublika Nazirlər Sovetinin sədri Ənvər Əlixanov da birinciliyə iddialı şəxslər idilər. Xüsusilə, Siyasi Büroda yaxşı əlaqələri olan Məmməd İsgəndərov daha şanslı görsənirdi və o, son 15 ildə MK katibi, respublika Nazirlər Sovetinin sədri vəzifəsində çalışmış, dəyişiklik zamanı isə Ali Sovetin Rəyasət Heyətinin sədri postunu tuturdu.

Nəhayət, 14 iyul gəlib yetişdi. Həmin gün səhər Azərbaycan Elmlər Akademiyasının ümumi yığıncağı keçirildi və Vəli Axundov Akademiyanın vitse-prezidenti seçildi. Günün ikinci yarısı isə Sov.İKP MK katibi İvan Kapitonovun iştirakı ilə Azərbaycan KP MK-nın plenumu işə başladı. Plenum haqqında qabaqcadan məlumat verilməmişdi. Yalnız bir gün öncə MK üzvlərinə Mərkəzi Komitəyə gəlmələri tapşırılmışdı. İsmayıl İbrahimov bu məsələ ilə bağlı öz xatirələrin danışanda qeyd etdi ki, “iyulun 13-ü Sov.İKP MK-da təşkilatı məsələlər üzrə katib İvan Kapitonov Bakıya gələndə söhbət yayıldı ki, deyəsən, Axunduvu çıxarırlar. Mən Vəli Yusivoviçgilə zəng etdim. Telefonu həyat yoldaşı Sara xanım götürdü. Mən soruşdum nə məsələdir, Kapitonov gəlib? Sara xanım dedi ki, hə, Vəli vəzifədən gedir”. 14 iyul plenumunu Vəli Axundov özü açıb sözü Sov.İKP MK katibi İvan Kapitonova verdi. O qeyd etdi ki, “Axundov respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafı, təşkilatı partiya və ideoloji işin yaxşılaşdırılması üçün az qüvvə sərf etməyib və mümkün olan hər şeyi edib. Son vaxtlar yoldaş Axundovun səhhəti pisləşdiyindən, o, özü də başa düşür ki, onun sağlıq durumu Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində böyük və mürəkkəb işləri yerinə yetirmək üçün çətinlik törədir. Bununla əlaqədar Sov.İKP-yə müraciət edərək onun elmi işə keçirilməsini xahiş etmişdir. Sizə məlumdur ki, yoldaş Axundov çoxdan elmə meyl göstərir, o, tibb elmləri doktoru, professordur. Sov.İKP MK yoldaş Axundovun xahişinə qayğı ilə yanaşmışdır. Bu yaxınlarda, bildiyiniz kimi o, akademik seçilmişdir, Elmlər Akademiyasının bugünkü ümumi iclasında isə o, Azərbaycan Elmlər Akademiyasının ümumi məsələlər üzrə-vitseprezidenti seçilmişdir.”

“Çekistin ürəyi isti, zəkası aydın və əlləri təmiz olmalıdır”

10 illik səmərəli fəaliyyətinə görə Kapitonov Vəli Axundova təşəkkür etdi. Sonra isə Moskvanın adından o, DTK-nın sədri Heydər Əliyevi birinci katib vəzifəsinə namizədliyini irəli sürdü. Kapitonovdan sonra söz alan Vəli Axundov haqqında deyilən xoş sözlərə görə Moskvanın nümayəndəsinə minnətdarlığını bildirdi və dedi ki, on il müddətinə respublikaya rəhbərlik etmək üçün mənə və bizim partiyanın Mərkəzi Komitəsinə etibar edilməsindən qürur hissi duyuram, bu mənim həyatımın ən yaxşı illəri olub, mən bununla fəxr edirəm və bu etimada görə sağ olun. MK-nın birinci katibi vəzifəsinə yeni namizədlə bağlı o əlavə etdi ki, “yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yaxşı birinci katibi olmaq üçün bütün xüsusiyyətlərə – həm siyasi, həm işgüzar xüsusiyyətlərə malikdir. O, qısa müddətdə böyük həcmdə işi mənimsəmək üçün kifayət qədər savadlı, məlumatlı, hərtərəfli hazırlıqlıdır, o dərəcədə obyektivdir ki, bütün kadrlara eyni gözlə baxa bilər. Azərbaycanda isə kadr məsələsi, əgər keçmişi və indini nəzərə alsaq, həlledicidir. Biz onu vicdanlı, ləyaqətli kommunist kimi tanıyırıq. Dzerjinski deyirdi: çekistin ürəyi isti, zəkası aydın və əlləri təmiz olmalıdır”.

Heydər Əliyev plenumdakı çox qısa çıxışında bildirdi ki, bu vəzifəyə başlamaqla mən öz məsuliyyətimi başa düşürəm, mənim qarşımda hansı çətin və ağır vəzifələrin dayandığını anlayıram və sizi əmin etmək istəyirəm ki, bu böyük və yüksək etimadı doğrultmaq üçün bütün gücümü və imkanlarımı sərf edəcəyəm. 14 iyul plenumu “Azərbaycan KP MK-nın birinci katibi haqqında” məsələni müzakirə etdikdən sonra 4 bənddən ibarət qərar qəbul edildi. Orada göstərilirdi: səhhəti ilə bağlı və Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti seçilməsinə görə yoldaş Vəli Axundovun Azərbaycan KP MK-nın birinci katibi və KP MK bürosu üzvlüyündən azad edilməsi haqqında xahişi təmin edilsin; yoldaş Heydər Əliyev Azərbaycan KP MK üzvlüyünə namizədlikdən üzvlüyə keçirilsin; yoldaş Əliyev Mərkəzi Komitənin birinci katibi və Azərbaycan KP MK bürosunun üzvü seçilsin; Bu qərarın təsdiq edilməsi Sov.İKP MK-dan xahiş edilsin. Plenumun qərarlarını MK-nın ikinci katibi Sergey Kozlov imzaladı. İclasın sonunda Kozlov təklif etdi ki, Axundovun səhhətinə görə birinci katib vəzifəsindən azad edilməsi məsələsi ictimaiyyət üçün verilən rəsmi informasiyada göstərilməsin. Plenum üzvləri buna razılıq verdi. Bununla da respublikanın siyasi həyatında artıq tarixə çevrilmiş Axundov dövrü başa çatdı və Əliyev erası başlandı.

Heydər Əliyevdən ikinci Mir Cəfər Bağırov yaratmaq istəyirlər

Vəli Axundovun xəstəlik adı ilə respublika rəhbərliyindən azad edilməsi və DTK sədri Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirilməsini SSRİ-də mərkəzi və məhəlli siyasi dəyişikliklərə həssaslıqla yanaşan xarici radiosəslər və Azərbaycan ziyalıları birmənalı qarşılamadı. İyulun 18-də “Azadlıq” radiosunun Azərbaycan xidməti bu dəyişikliklə bağlı verdiyi materialda bildirirdi ki, “Vəli Axundovun birinci katib vəzifəsindən kənar edilməsinin səbəbləri hələlik bizə məlum deyil. Ancaq güman etmək olar ki, Kreml daxili məsələlərin həllində daha geniş sərbəstlik, müstəqillik əldə etməyə çalışan müttəfiq respublikalara etibar etmir. Kremlin yeni hakimləri Heydər Əliyevdən ikinci Mir Cəfər Bağırov yaratmaq istəyirlər”.

Elə həmin gün ailə üzvləri ilə birlikdə Riqa şəhəri yaxınlığındakı Yurmala kurortunda istirahət edən Əziz Şərif respublikada baş verən dəyişikliklə bağlı yaxın dostu, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Mirzə İbrahimova məktub göndərdi. O, yazırdı: “Bir həftədir ki, sağ-salamat Baltik dənizinin sahilində istirahət edirik… Sən tanıdığın adamlardan Yuri Fidler, Zorin, Druzin, Kirpotin, Arbuzov, Rojdestvenski, Fedinin qızı və nəvəsi istirahət edirlər. Dünən Fedinin qızıyla səni xatırlayırdıq. Sən necəsən, əzizim? Axı səni xəstə qoyub getdik. Bakıya necə getdin və necə gəldin? Qəzetdəki xəbəri oxuyandan sonra sənin təcili surətdə çağırılmağının (M.İbrahimov MK üzvü idi –C.H.) səbəbini anladım. Burada Axundovun nə üçün kənar edildiyini hamı məndən soruşur. Mən də səndən soruşuram. Qəzetdə göstərilən rəsmi səbəb o qədər axmaq və yersizdir ki, hamı gülür. Mən də həm gülür, həm də yanıram: – nə vaxta kimi bu cür rəsmi xəbərləri tərtib edən “başçılar” bizi, yəni sovet xalqını şüursuz və dərrakəsiz hesab edəcək və həqiqi səbəbləri gizlədəcəklər? Kimə lazımdır bu? Ah, Sabir satirası, haradasan! Nə Sabir qırmancının yeridir!… Təzə katib Əliyev kim ola? Nə isə mən onu tanımıram. Xülasə… Amandır, özündən muğayat ol!” Bu məktuba cavabında Mirzə İbrahimov respublikadakı dəyişiklik barədə Əziz Şərifə ətraflı məlumat yazdı və bildirdi ki, dayı (o, Əziz Şərifə dayı deyə müraciət edirdi) narahat olma, yeni rəhbər sizinkilərdəndir və çətin ki, bundan sonra bir də onlar hakimiyyəti əldən versinlər. Bir ay sonra Heydər Əliyev 50 ildir haqqında dastan qoşulan 1969-cu ilin avqust plenumunu keçirdi və orada “Leninin anadan olmasının 100 illiyinə Azərbaycanda hazırlığın vəziyyəti haqqında” geniş məruzə ilə çıxış etdi. Həmin məruzədən aydın oldu ki, respublikanı qarşıda çətin sınaq və 50-60-cı ilin milli kadrlarını ağır repressiyalar gözləyir.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

dle