DİN və SOCAR arasında 3 milyonluq yeyinti

DİN və SOCAR arasında 3 milyonluq yeyinti

Baş mühasib özünü qatarın altına atıb

Rəfiqə  Zeynalabdin qızı Adıgözəlova və həyat yoldaşı Arif Adıgözəlov kirayədə qaldıqları evdə bu gün mətbuat konfransı keçiriblər. Arif Adıgözəlov heç bir dövlət qurumunun şikayətlərinə reaksiya vermədiyinə görə bu addımı atdıqlarını deyir.

Onun sözlərinə görə,  həyat yoldaşı Rəfiqə Adıgözəlova 37 il Daxili İşlər Nazirliyi nəzdində olan Baş Mühafizə İdarəsinin baş mühasibi vəzifəsində çalışıb. 2017-ci il aprel ayının 4-nə qədər. Həmin gün Arif müəllim həyat yoldaşını işı aparsa da, bir saatdan sonra ona zəng vurub Rəfiqə xanımın işə gəlmədiyini deyiblər. Yalnız günorta saat 13 radələrində ona həyat yoldaşının ağır vəziyyətdə “Semaşko” xəstəxanasında olduğunu deyiblər. Sonradan bəlli olub ki, Rəfiqə xanım “20 Yanvar” metrostansiyasında özünü qatarın altına atmaq istəyib və bu zaman ciddi xəsarət alıb. Xəstəxanada bir neçə gün qaldıqdan, əməliyyatdan çıxıb özünə gələndən sonra Rəfiqə xanım işdə problemlər olduğunu, təzyiqlərlə üzləşdiyindən və bu təzyiqlərə dözə bilmədiyindən intihar yolunu seçdiyini qızına deyib.

Bundan sonra ailə müxtəlif qurumlara saysız şikayətlər yazıb. Ancaq bu şikayətlərdə göstərilən faktlar araşdırılmayıb. Arif Adıgözəlov mətbuat konfransında jurnalistlərə həmin şikayətlərin nüsxələrini də təqdim edib.

Prezident İlham Əliyevə göndərilən məktubların birində şikayətçi yazır: Cənab prezident! Mən dəfələrlə Sizə, baş mühasib işlədiyim Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin rəisi Cabbarov Canpolat Əli oğlunun 3 milyon manata yaxın pulu tikinti-təmir işləri adı ilə mənimsədiyini və Respublika Baş Prokurorluğunun bu cinayəti müxtəlif vasitələrlə ört-basdır etməsi barədə məlumat vermişəm, ancaq sizdən heç bir cavab almamışam”.

Rəfiqə Adıgözəlovanın əri, təqaüddə olan polis zabiti Arif Adıgözəlov da, demək olar, eyni məzmunlu şikayət məktublarını dövlət qurumlarına yollayır. Onun daxili işlər naziri (keçmiş) Ramil Usubova yazdığı məktubdan bir parça: “Cənab Nazir, mən, Sizə 9 ildən artıq müddətdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində baş verən cinayətlər barədə və bu cinayətləri ört-basdır etmək məqsədilə həyat yoldaşım, həmin idarədə Baş mühasib vəzifəsində işləyən Adıgözəlova Rəfiqə Zeynalabdin qızını özünü öldürmə həddinə çatdırması və 04 aprel 2017 ci il tarixində onu, “20 Yanvar” metrostansiyasında, özünü qatarın altına atmasına səbəb olan, göstərilən Mühafzəsi üzrə Polis İdarəsinin məsul vəzifəli şəxsləri barədə məlumat vermək istəyirəm.

Xoşbəxtlikdən Rəfiqə qatar relslərinin üzərinə tullanan anda, qatar onu perronda vurmuş və o sağ qalsa da, ağıır kəllə-beyin travması almışdir. Uzun müddət xəstəxanada müalicə olunan Rəfiqə əvvəllər danışa bilməsə də, sonradan  hadisənin başvermə səbəbini izah etmişdir. Rəfiqə Adıgözəlova danışmağa başladıqdan sonra 9 ildən artıq müddətdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində davam edən cinayət əməllərinin bütün təfsilatını mənə anlatdı. Cabbarov Canpolat Əli oğlu göstərilən idarəyə rəis təyin olunduqdan sonra, hər yarım illikdə, neft kəmərlərinin mühafizəsi ilə bağlı, tikinti-təmir işləri adı ilə tikinti şirkətləri ilə 120.000 manat məbləğində müqavilələr bağlamışdır. Heç bir tikinti-təmir işi aparılmadan həmin pullar götürülərək mənimsənilmişdir.

Tikinti-təmir işlərinin qanuniliyini göstərmək və ildə 240.000 manat pulu mənimsəmək məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində  komissiya yaradılmışdır. Komissiya qüsur aktları tərtib etmiş və bu aktları müvafiq təşkilatlara  göndərərək  razılıq alınmış, müvafiq qanunların prosedur qaydalarına  əməl olunmuşdur. Sonunda isə heç bir tikinti-təmir işi görülmədən ayrılmış pullar mənimsənilmişdir. Cəzasızlığını görən Cabbarov Canpolat 2017-ci ilin mart ayında 100.000 manatlıq tikinti-təmir işi aparılması məqsədilə tikinti şirkəti lə müqavilə bağlamışdır.

100.000 manatlıq pulun tikinti şirkətinə köçürməsi ilə əlaqədar vergi məmurları  Adıgözəlova Rəfiqəni  vergi idarəsinə dəvət edirlər. Məsələnin belə olduğunu görən Rəfiqə, bu qanunsuz pulköçürmə əməliyatından xəbəri olan Baş Mühafizə Polis İdarəsinin Maliyyə plan şöbəsinin rəisi Knyaz Məhərrəmova zəng vurur və vəziyyəti ona izah edir. Knyaz Məhərrəmov ona, vergilər idarəsində  heç kimin adını çəkməməyi, bütün qanunsuz işləri özünün elədiyini deməsini tapşırır.

Eyni zamanda məsələni o, idarə rəisi Cabbarov Canpolata bildirir. Rəis vəziyyəti nəzarətdə saxlamaq məqsədilə, vergi idarəsinə  onunla birlikdə idarənin şəxsi heyət üzrə müavini Rəşid Nəcəfovu da göndərir. Vergidə  onlara 100.000 manat pul köçürdikləri tikinti şirkəti və bağlanmış tikinti-təmir müqaviləsinin düzgün bağlanmaması barədə irad tutulur. Bildiriblər ki, onların müqavilə bağladıqları tikinti şirkətinin işci qüvvəsi yoxdur. Ayrılmış pulları təcili polis idarəsinin hesabına qaytarılmalıdır. Lakin Canpolat  Cabbarov bunun əksini edir. Pulları nağdlaşdıraraq mənimsəyir.

Baş mühasib Rəfiqə Adıgözəlova bunu bildikdən sonra, yenidən, təkrarən Knyaz Məhərrəmov və Canpolat Cabbarovla əlaqə saxlayır. Onlar Rəfiqəyə qorxmamağı, hər şeyi qısa müddətdə həll edəcəklərini bildirərək onu aldatmağa və sakitləşdirməyə çalışlrlar. Hər iki şəxsin də Rəfiqəyə tövsiyəsi bu olur ki, məsələ böyüsə o heç kimi satmasın, cinayəti boynuna götürsün. Qadın olduğu üçün ona az cəza verərlər. Bütün bunlardan sonra qorxu və stress vəziyyətinə düşən Rəfiqə özünün və ailəsinin adına ləkə gəlməsin deyə özünü öldürmək qərarına gəlir. Sonrakı hadisələrdən də görünür ki, Canpolat Cabbarova və dəstəsinə Baş mühasibin ölməsi sərfəli imiş. Çünki ilk günlərdə maraqlansalar da, Rəfiqənin ağır vəziyyətdə olduğunu və danışmaq qabiliyətinin olmamasını yəqin etdikləri andan onlar xəstə ilə bir daha maraqlanmadılar.

Bu barədə mənim Sizə etdiyim şikayətlərə isə Azərbaycan Respblikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev imzaladığı 17.07.2017 ci il tarixli məktubda ilkin materialların düzgün tərtib olunması göstərilsə də 9 il ərzində tikinti şirkətlərinə köçürülmiş 3 milyon manata yaxın pulun müqabilində hansı işlərin görülməsi barədə bircə kəlmə də yoxdur. Yəni  cənab Daşqın Mehdiyev Canpolat Cabbarovun və dəstəsinin küllü miqdarda pulu mənimsəməsini inkar etmir, əksinə, susması ilə bir daha təsdiqləyir”.

Arif Adıgözəlov deyir ki, onların şikayətləri prezidentə çatdırılmır. Bu səbəbdən o, Azərbaycanda fəaliyyət göstərən səfirliklərdən bir neçəsinə (ABŞ, Türkiyə, Almaniya, Böyük Britaniya, Fransa) də məktub yollayaraq şikayətlkərinin prezidentə çatdırılmasında yardımçı olmalarını istəyib.

İndi istəkləri prezidentin bu işi nəzarətə götürməsi və günahkarların cəzalandırılmasıdır.

dle