Dubay əmirinin Londona qaçmış arvadının həyatı təhlükədədir

Dubay əmirinin Londona qaçmış arvadının həyatı təhlükədədir

Dubay əmiri Şeyx Məhəmməd bin Əl Maktumun evdən qaçmış arvadının Londonda gizləndiyi məlum olub. Bildirilir ki, şahzadə Haya oğurlanaraq geri qaytarılacağından narahatdır.

Şahzadə Haya Dubaydan bir neçə ay əvvəl qaçaraq Almaniyaya getmiş və bu ölkədən sığınacaq istəmişdi.

Hazırda şahzadə Hayanın Londonun mərkəzindəki Kensington Palace Gardens rayonunda, təxminən 107 milyon dollarlıq bir evdə yaşadığı bildirilir.

“Guardian” qəzeti yazır ki, cütlüyün ayrıldığı barədə təxminlər var, şahzadə Haya Dubayı tərk edəndən sonra Yüksək Məhkəmədə bununla bağlı iş açılıb.

İordaniyada anadan olmuş, İngiltərədə təhsil almış 45 yaşlı şahzadə Haya şeyx Məhəmməd bin Əl Maktumun 6-cı arvadıdır, onlar 2004-cü ildə nikaha giriblər.

69 yaşlı Dubay əmiri Şeyx Məhəmmədin bütün arvadlarından 23 üç uşağı var.

Dubay Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) təşkil edən yeddi əmirliyin ən böyüyüdür.

Şahzadə niyə qaçıb?

BBC-nin təhlükəsizlik məsələləri üzrə əməkdaşı Frank Gardner-in şahzadəyə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, o, Şeyx Məhəmmədin evdən qaçmış qızı şahzadə Şeyha Lətifənin geri qaytarılmasıyla bağlı “narahatlıq doğuran informasiyalar” eşidəndən sonra Dubaydan gedib.

Şahzadə Lətifə keçən il Birləşmiş Ərəb Əmirliklərindən qaçaraq Ammandan dəniz yolçuluğuna çıxmış, ancaq Hindistan yaxınlığında gəmiyə silahlı adamlar basqın edərək onu Dubaya qaytarmışdılar.

O günlərdə şahzadə Haya Dubayı təmizə çıxaran açıqlamalar vermis, dubaylı məmurlar şahzadə Lətifənin qaçmasının “sui-istifadə hallarını yol açdığını” və onun “Dubayda təhlükəsizlikdə” olduğunu bildirmişdilər.

Ancaq insan haqları müdafiəşiləri Lətifənin öz iradəsinə zidd olaraq qaçırıldığını deyirlər.

Şahzadə Hayanın yaxınları onun da qaçırılmaqdan və Dubaya qaytarılmaqdan qorxduğunu bildirirlər.

Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirliyi mövzunun “iki şəxs arasındaklı şəxsi məsələ” olduğunu əsas gətirərək açıqlama verməkdən imtina edib.

Bəzi ehtimallara görə, bu hadisə İngiltərə və BƏƏ arasında diplomatik problem yarada bilər.

Təxmin edilir ki, Oxford Universitetinin məzunu şahzadə Haya İngiltərədə qalmaq istəyəcək.

Amma əmir Məhəmməd bin Rəşid əl Maktum arvadının geri qaytarılmasını tələb edərsə, BƏƏ ilə yaxın münasibətləri olan Böyük Britaniya çətin vəziyyətdə qalacaq.

Yeri gəlmişkən, İngiltərədə yarış atları və at ferması olan Şeyx Məhəmməd bu ölkədəki məşhur at yarışlarında tez-tez kraliça II Yelizavetayla birlikdə görünür.

Hadisənin başqa bir beynəlxalq ünvanı İordaniyadır. Şahzadə Haya İordaniya kralı Abdullanın ögey bacısıdır. Bundan başqa, BƏƏ-də təqribən 250 min iordaniyalı işçi var. Onlar bu ölkədə qazandıqları pulları vətənlərinə göndərirlər.

BBC-nin təhlükəsizlik məsələləri üzrə əməkdaşı Frank Gardner hesab edir ki, bu məqam İordaniyanı da BƏƏ ilə münasibətləri korlamaqdan çəkindirə bilər.

 

dle