Gürcüstan gələn ildən proporsional seçki sisteminə keçir

Gürcüstan gələn ildən proporsional seçki sisteminə keçir

2020-ci ildə Gürcüstan parlamentinə seçkilər proporsional sistem üzrə sıfır seçki baryeri ilə keçiriləcək Bu barədə hakim Gürcü Arzusu Pariyasının lidri Bidzina İvanişvili bu gün Tbilisidə keçirilən brifinqdə bildirib.

Beləliklə, hakimiyyət müxalifətin tələblərini nəzərə alıb. Son vaxtlar müxalifət proporsional sistemə keçidi, yəni parlamentə deputat seçkisinin ancaq partiya siyahıları üzrə olmasını tələb edirdi.

İyunun 13-də 20 müxalifət partiyasının təmsilçiləri 2020-ci ildən proporsional seçki sisteminə keçid, yəni yaxın parlament seçkisində deputatların majoritar sistem üzrə seçkisinin ləğvi tələbilə 300 min imzanı Gürcüstan parlamentinə təqdim ediblər. Bundan öncə isə hakim partiya bildirmişdi ki, bu tələbə baxmaq niyyətində deyil.

İyunun 20-də Tbilisidə iğtişaşlar başladıqdan sonra hər gün Gürcüstan parlamentinin yaxınlığında keçirilən çoxminlik etiraz aksiyalarında proporsional sistemə keçid tələbi səslənir.

Müşahidəçilər bildirirlər ki, çətin ki bu qərar hökumətin istefasını və parlamentə növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçıları sakitləşdirsin.

 

dle